MÜSAHİBƏ | `Almanlar “Qarabağ”a ciddi yanaşmır`- EKSKLÜZİV

MÜSAHİBƏ | `Almanlar “Qarabağ”a ciddi yanaşmır`- EKSKLÜZİV
  22 Avqust 2013    Oxunub:1455
Ölkəmizi Avropa Liqasında təmsil edən Ağdamın “Qarabağ” komandasının Avroliqanın play-off mərhələsində Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq olması bu ölkədən olan futbol adamlarına marağı olduqca artırıb. Belələrindən biri də “Herta”nın azərbaycanlı yetirməsi Fərrux Kərimovdur.

Həmyerlimizlə əlaqə saxlamaqda məqsədimiz "Qarabağ"ın Avroliqadakı rəqibi "Ayntraxt" haqda müəyyən bilgi əldə etmək, eyni zamanda, frankfurtluların güclü və zəif cəhətlərini öyrənmək idi.

- "Ayntraxt"ı bir komanda kimi necə təqdim edərdin?

- Son mövsümü 6-ci pillədə tamamlayan “Ayntraxt” klubu uzun müddətdir Avrokuboklardan kənar qalsa da, Frankfurt təmsilçisini zəif komanda kimi qələmə vermək olmaz. Bu komanda xüsusən evdə yaxşı təsir bağışlayır. Hər halda, “Aytraxt”ın yeni mövsümdəki ilk ev oyununda son çempion “Bavariya”ya minimal hesabla uduzması da doğma publika önündə yaxşı müqavimət göstərdiklərindən xəbər verir.

- Almaniya klubunun üstün cəhətləri hansılardır?

- Ümumiyyətlə, Almaniya təmsilçiləri texniki cəhətdən üstün olmaları ilə seçilir. Elə “Ayntraxt”I dab u baxımdan fərqləndirmək olar. “Qarabağ”ın rəqibinin futbolçuları həm də yaxşı oyun qurmaq bacarığına sahibdirlər.


- Bəs zəif tərəfləri kimi nələri qeyd edə bilərsən?

- Almaniya futbolu haqqında düşünərkən ilk olaraq ağıla gələn “Bavariya”nın oyun üslubu olur ki, bud a rəqiblərin alman klublarından çəkinməsinə zəmin yaradır. Amma heç də bütün bundesliqa klublarının münhenlilər səviyyəsində olmadığı bəllidir. Konkret “Ayntraxt”a gəlincə, komandanın ən mənfi cəhəti qeyri-sabit çıxış etməsidir.


- Rəqibun ən təhlükəli futbolçuları kimi hansı futbolçuların adını çəkmək olar?

- Ən təhlükəli futbolçuları kimi Xoselu, Aleksander Mayer və Yan Rosenthalı qeyd edə bilərəm.

- Səncə, "Qarabağ" "Ayntraxt"a qarşı hansı oyun üslubuna üstünllük verməlidir?

- “Qarabağ” rəqibin rahat şəkildə oyun qurmasına imkan verməməlidir. Əks halda, “Ayntraxt”ın hücum xəttindəki oyunçuları ağdamlıarı asanlıqla cəzalandıracaqlar.

- Almaniya futbol ictimaiyyətinin nümayəndələri "Qarabağ" haqqında hansı fikirdədilər?

- Almanlar “Qarabağ”ı güclü komanda kimi qəbul etmir. Belə ki, almanlar düşünür ki, böyük ölçüdə bu cütün qalibi məhz Frankfurt klubu olacaq. Hətta bu yaxınlarda "Bild.de" saytı "Ayntraxt" "Qarabağ"ın işini bitirib, Avropa Liqasından siləcək” məzmunlu yazı dərc etmişdi.

- Almaniya futboluna yaxşı bələd olan bir futbolçusan. Maraqlıdır, Azərbaycandan səninlə əlaqə saxlayaraq "Ayntraxt" haqqında məlumat alan olubmu?

- Yox. Bu mövzuda məlumat almaq üçün mənimlə əlaqə saxlayan olmayıb. Əgər olsaydı, bacardığım qədər məlumatlandırmağa çalışardım.

- "Qarabağ"ın mərhələ adlamaq şanslarını necə dəyərləndirirsən?

- Əgər “Qarabağ” meydanda bütün gücünü qoysa, futbolçular əzmkarlıqla çıxış edə bilsə, ağdamlılar mərhələ adlaya bilər.

Tural Məmmədov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti